17 aprel Dünya hemofiliya günüdür. Bu münasibətlə Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının(HXRA) təşşəbbüsü ilə hemofiliyalı şəxslərin iştirakı ilə mətbuat konfransı keçirilib.
Tədbirdə qeyd olunub ki, Dünya Hemofiliya Federasiyası 19 ildir ki bu günü qeyd edir, təşkilatın əsas məqsədi dünyada belə insanlara diqqət və qayğını artırmaqdır.
Çıxış edən HXRA-nın rəhbəri Gülnarə Hüseynova vurğulayıb ki, bu il də belə bir şüar seçilib. “Biliklərimizi paylaşaraq daha güclü oluruq” şüarının seçilməsi ilə, insanları xəstəlik barədə daha da məlumatlı etmək hədəflənir.
Gülnarə Hüseynova çıxışı zamanı başçılıq etdiyi 20 yaşlı təşkilatın fəaliyyətinə bir daha nəzər salıb, son illər hemofiliyalı insanlara həm dövlət, həm də assosiasiyanın qayğısından danışıb. O bildirib ki, hazırda təşkilata 517 ağır formalı hemofiliyalı və diğər qan xəstəliyindən əziyyət çəkən insanlar üzvdürlər. Daha sonra təşkilat rəhbəri 2018-ci ildə nəzərdə tutulan fəaliyyət planlarından danışıb, keçiriləcək layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbir Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimovanın “Azərbaycanda Hemofiliyaya dair Dövlət Proqramının həyata keçirilməsi” adlı hesabat-təqdimatı ilə davam edib. Elmira Qədimovanın sözlərinə görə, Qafqazda ilk mərkəz 1973-cü ildə məhz Azərbaycanda yaranıb, bir vaxtlar ağır şərtlərlə fəaliyyət göstərən Mərkəz bu gün hemofiliyalı insanlara tibbi dəstək verən rəsmi orqandır. O, qeyd edib ki, hazırda Mərkəzdə1585 hemofiliyalı dispanser qeydiyyatındadır. 2005-ci ildə qəbul edilən müvafiq Dövlət Proqramına əsasən, xəstələrə nəzarət var və Mərkəz belə insanların dərmanla təhcizatında əlindən gələni edir. Çıxışı zamanı Elmira Qədimova onu da bildirib ki, Mərkəzdə qeydiyyatda olan hemofiliyalı insanların ən kiçik əməliyyatları belə xüsusi nəzarət altında aparılır.
Tədbir tibb mütəxəsislərin və hemofiliyalı iştirakçıların müzakirələri ilə davam edib.
Tədbirin sonunda hemofiliyalı insanlara göstərdiyi qayğı və diqqətə görə HXRA adından Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova Fəxri Fərmanla və medalla təltif olunub. Mərkəz rəhbəri ictimai birliklə olan əməkdaşlığın daim sıx olmasını arzulayıb və təşkilata təşəkkürünü bildirib.
Ramina Eyvazqızı
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası


Davud Rəhimli
Bu xəbər 2615 dəfə oxunub