Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 10 dekabr 2002-ci il
№ 193
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 10 dekabr tarixli 193 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal STANDARTLARI
Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları aşağıdakılardır:
1. narkoloji xəstəliklərə düçar olmuş şəxslərdə bu xəstəliklər nəticəsində onların həyatı üçün təhlükə yaradan hallarda (kəskin psixotik pozuntular, qıcolmalar, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından qat-qat artıq birdəfəlik istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu) vəziyyətdə) təxirəsalınmaz tibbi tədbirlər;
2. insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi;
3. psixoloji və fiziki vəziyyətin korreksiyası – ümumi möhkəmləndirici, psixotrop maddələrlə və suqestiv psixoterapiya;
4. metadon hidroxlorid əvəzedici preparatla müalicə.