59. “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2006-cı il


“Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 20 dekabr 2006-cı il

                № 266

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 20 dekabr tarixli 266 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı

QA YD AS I

 

1. Bu Qayda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006- cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.5-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və onkoloji xəstələrin dərman vasitələri ilə təminatı qaydasını müəyyən edir.

2. Onkoloji xəstələr ümumi təyinatlı müalicə-profilaktika müəssisələrində, yaşadıqları ərazi üzrə ambulator-poliklinika müəssisəsinin onkoloji kabinetində və ya onkoloji dispanserlərdə qeydiyyata alınırlar.

3. Onkoloji xəstələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş siyahı əsasında dərman vasitələri ilə təmin olunurlar.

4. Onkoloji xəstələr dərman vasitələrini, o cümlədən narkotik və qeyrinarkotik ağrıkəsici preparatları almaq üçün onlara qeydiyyatda olduqları ambulator- poliklinika müəssisəsi (onkoloji dispanser və ya ərazi poliklinikasının onkoloji kabinetində fəaliyyət göstərən həkim onkoloq) tərəfindən 2 nüsxədən ibarət resept yazılır.

5. Pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.

6. Onkoloji xəstələr üçün spesifik dərman preparatları ilə təyin olunan müalicə 21 günlük intervalla, 6 kursdan az olmamaq şərtilə aparılır.

7. Onkoloji xəstələr tibbi göstərişlər əsasında yazılmış həkim resepti ilə zəruri miqdarda narkotik və qeyri-narkotik ağrıkəsici preparatlar ala bilərlər.

8. Onkoloji xəstələrin dərman vasitələri, o cümlədən narkotik və qeyrinarkotik ağrıkəsici preparatlarla təminatı xüsusi resept əsasında ambulator-poliklinika müəssisəsinin (onkoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.

9. Onkoloji xəstələrin resept əsasında pulsuz aldıqları dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların dəyəri vətəndaşın yaşadığı ərazi üzrə müvafiq səhiyyə orqanının büdcə vəsaiti hesabına ödənilir.

 

 




Tarix:     www.old.udpo.az saytı Geri