Sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribat törətmişdirlər. Törədilmiş təxribat, xidməti vəzifələrini yerinə yetirən Azərbaycanın hərbi qulluqçuları arasında çoxsaylı itgilərə səbəb olmuşdur.
Bu, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın, Azərbaycan və Ermənistanın dövlət başçıları ilə Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri arasında aparılan danışıqların şərtlərinin kobud şəkildə pozulmasıdır.
Azərbaycan 44-günlük müharibədən sonra işğala son qoyulmasından sonra bölgədə sülhün yaradılması, ərazilərin minalardan təmizlənməsi, dağıdılmış ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma ərazilərinə qayıdışının təmin olunması istiqamətində genişmiqyaslı fəaliyyətlər həyata keçirtməyə başlamışdır.
Lakin Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək bölgədə beynəlxalq hüquq normaları çərçivəsində təşəbbüslərin əksinə olaraq diversiya qrupları yaradaraq Azərbaycanın Ermənistanla sərhədində növbəti dəfə mənfur niyyətlərini bir daha göstərdi.
Biz, bu bəyanatı dəstəkləyən Azərbaycanın əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilataları, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara müraciət edərək bölgədə sülhün, sabitliyin qorunmasına, quruculuq - bərpa işlərinin görülməsinə, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına mane olmaq cəhdləri göstərən Ermənistanın təxribat-diversiya hərəkətlərini qəti şəkildə pisləməyə və gələcəkdə belə halların təkrarlanmasının qarşısının alınmasına çağırırıq.

Hörmətlə,
Davud RƏHİMLİ
Əlil Təşkilatları İttifaqının (ƏTİ)
Prezidenti