Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb.

Bu münasibətlə keçirilən tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak edib.

Qeyd olunub ki, Mərkəz sağlamlıq imkanları məhdud uşaqları ilkin sosial reabilitasiya xidməti ilə təmin edir.

Sosial Xidmət Mərkəzində uşaqların inkişaf səviyyəsi qiymətləndirilir, sosial-reabilitasiya proqramına uyğun olaraq fərdi və ya qrup terapiyalarına cəlb edilirlər. Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial pedaqoq və aktiv terapiya üzrə mütəxəssis multidissiplinar komanda şəklində xidmət göstərirlər.

Uşaqlarla yanaşı onların valideynləri də diqqət mərkəzində saxlanır. Psixoloq tərəfindən sosial-psixoloji vəziyyəti qiymətləndirilmiş valideynlər həm fərdi, həm də qrup terapiyalarına cəlb olunur, eləcə də valideyn bacarıqlarının artırılması istiqamətində təlimlər keçilir.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri çıxış edərək Mərkəzin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər və reabilitasiya proqramına cəlb olunan övladlarında müşahidə olunan müsbət dəyişikliklərə görə minnətdarlıqlarını bildiriblər.

Sonda azyaşlıların iştirakı ilə ədəbi-bədii proqram təqdim olunub.

Xidmətdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin Abşeron-Xızı regional filialına (Sumqayıt şəhəri 9 mkr. Qəlb klinikasının yanı), eləcə də 116123 “Qayğı” çağrı mərkəzinə müraciət edə bilərlər.

 

Əlil Təşkilatları İttifaqı

 




Tarix:13/8/2022     www.old.udpo.az saytı Geri