“Selektiv abortların qarşısının alınması


Şuranın dəstəyi ilə Sabirabad rayonunda maarifləndirmə

tədbiri keçirilmişdir

 

“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında                Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəsi çərçivəsində Sabirabad rayonunda İcra Hakimiyyətinin, tibb işçilərinin, evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Pərvin Məmmədova belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə  görə Sabirabad Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmişdir.

P.Məmmədova bildirmişdir ki, layihənin məqsədi rayonlarda əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlaşdırılması, abortların fəsadları və digər mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla əhalinin, əsasən də yeniyetmələrin və reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınmasına, abortların sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına nail olmaqdır.

Tədbirdə ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib VMİ  Leyla Məmmədova ana və uşaq sağlamlığının Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu vurğulamışdır. Leyla Məmmədova   iştirakçılara Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində dövlət siyasəti  barədə,  reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, hal-hazırda dünyanın bir sıra ölkələrində narahatlığa səbəb olan aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Bəzi ailələrdə əsasən oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Tədbirdə selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması ilə bağlı interaktiv müzakirələr və fikir mübadiləsi aparılmış, bu sahədə bir sıra təkliflər irəli sürülmüş, eyni zamanda müraciət edən qadınlara fərdi qaydada məsləhətlər verilmişdir.

  

Mətbuat xidməti

 




Tarix:10/10/2016     www.old.udpo.az saytı Geri