Gəncədə əlilliyi olan yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib
27 İyul 2012 [18:49] - MİLLİ.AZ
Sərgidə 20-dən artıq əlilliyi olan gəncin 30-a yaxın əl işi nümayiş olunub.
|
|
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” adlı layihə çərçivəsində keçirilən sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Sosial Xidmət Mərkəzinin əməkdaşları və əlilliyi olan insanlar iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər hazırda Azərbaycanda 460 000-ə yaxın əlilliyi olan insandan 60 000-nin yeniyetmə yaşında olduğunu diqqətə çatdırıblar. Sağlamlıq imkanları məhdud olan bu yeniyetmələr dövlət qayğısı ilə əhatə olunsa da, onlar cəmiyyətə uyğunlaşma prosesində bir sıra çətinliklərlə üzləşirlər. Bildirilib ki, rəsm sərgisinin keçirilməsində əsas məqsəd bu gənclərin cəmiyyətə inteqrasiyasına yardım etmək və onların cəmiyyətə gərəkli olduğunu hiss etdirməkdir. Daha sonra sağlamlıq imkanları məhdud olan gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Təşkilatçı Davud Rəhimli: “Bu sərginin təşkil olunmasında əsas məqsəd Gəncə şəhərində olan əlil insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Gördüyünüz kimi, burada müxtəli səpkili əl işləri nümayiş olunur. Bu sərgiyə baxdıqda da bəlli olur ki, əlilliyi olan
insanlarımızın bacarıqları yüksək səviyyədədir və onlar digər insanlarla birlikdə cəmiyyətə faydalı işlər görə bilərlər. Bu işlərin cəmiyyətə çatdırılmasında belə tədbirlərin əhəmiyyəti böyükdür”.
Əliliyi olan gənclərin bacarıqları nümayiş olunan sərgidə yeniyetmələrin dünyaya baxışları və həyat sevgisi daha qabarıq şəkildə özünü göstərib. Qeyd edək ki, auksion xarakterli sərgidə bir sıra əl işləri öz alıcısını da tapa bilib.
Milli.Az